Naxçıvan karateçiləri Vətənə geri dönüblər

Bolqarıstanın Albena Kranevo şəhərində keçirilən 12-ci Avropa Şotokan Çempionatında iştirak edən Naxçıvan karateçiləri vətənə geri dönüblər. Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış 20-22 may tarixlərini əhatə edib. Çempionatda 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar və paralimpiyaçılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar. 16 ölkədən 422 karateçi tatamidə öz bacarıqlarını nümayiş etdirib. Karatenin “kata”, “şobu ippon”, “şobu sanbon”, “WKF kumite” üslublarında qaliblər müəyyənləşib. Naxçıvan Karate-do Federasiyasından məşqçi Siyavuş Bayramovun rəhbərliyi ilə turnirə qatılan 9 idmançının hər biri mükafatçılar sırasına düşüb. Təmsilçilərimiz 7-si qızıl, 7-si gümüş və 16-sı bürünc olmaqla 30 medal qazanıblar. 16-17 yaşlılar arasında çıxış edən Vüsal Seyidov 3 fərqli üslübda qalib, komandası ilə bərabər isə gümüş medalçı kimi muxtar respublika idmançıları arasında ən yaxşı nəticəyə müvəffəq olub. Rəşad Qasımov “şobu ippon”, Məhəmməd Bağırov “WKF kumite”, Canər Abbaszadə və Saleh Qəmbərov isə “şobu sanbon” üzrə birinci olub, digər üslublarda isə ilk üçlükdə qərarlaşıblar. Qafar Hüseynov, Nərgiz Həsənli, Yaqub Qənbərov və Rafiq Hüseynli hərəyə 3 medal qazanıblar. Azərbaycan ümumi sıralamada 46 (16 qızıl, 10 gümüş, 20 bürünc) medal sayı ilə 5-ci olub. Tarixi nailiyyətin qazanılmasında əməyi olan hər kəsi bir daha təbrik edir, idmançılarımıza daha böyük uğurlar arzu edirik.