Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıb 🥇🥈🥉

Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıb 🥇🥈🥉 Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş VI Arpaçay Open beynəlxalq turniri keçirilib. Ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynadan ümumilikdə 570 idmançı 31 klubu təmsil edib. Yarışda Naxçıvan Karate-do Federasiyasının idmançıları geniş tərkibli heyətlə mübarizə aparıblar. 15 karateçimiz uğurlu çıxışı ilə adını mükafatçılar sırasına yazdırıb. “Kumite” növündə 16-17 yaş qrupunda mübarizə aparan Rəşid Süleymanov -68 kq çəki dərəcəsində qalib, -70 kq çəki dərəcəsində isə ikinci olub. Aslan İsmayılov (18-20 yaş, 84+ kq), Rəşad Qasımov (18-20 yaş, -67), Fatimə Bədəlova (16-17 yaş, +59) və Fatimə Bağırzadə (6-7 yaş, -25 kq və +25 kq) öz yaş və çəki kateqoriyaları üzrə gümüş medala layiq görülüblər. Vüsal Seyidov (18-20 yaş, -61), İmran Həsənov (18-20 yaş, -60), Aminə Novruzzadə (12-13 yaş, +47), Kənan Qənbərov (8-9 yaş, +40 kq), Əli Əzizov (6-7 yaş, +25 kq) və Həmidə Əzizova (6-7 yaş, -25 kq) bürünc medala sahib çıxıblar. “Kata” növündə isə Məhəmməd Bağırov (14-15 yaş), Canər Abbaszadə (12-13 yaş) və Elgün Zeynalov (12-13 yaş) yarışı üçüncü sırada tamamlayıblar. Bu nəticələrlə Naxçıvan karateçiləri yarışda 2 qızıl 🥇, 6 gümüş 🥈 və 9 bürünc 🥉 medal olmaqla, ümumilikdə 17 medal qazanıblar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti